Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

MƏKTƏBDƏ VƏ SİNİFDƏ ŞAGİRD DAVRANIŞ QAYDALARI

MƏKTƏBDƏ VƏ SİNİFDƏ ŞAGİRD DAVRANIŞ QAYDALARI

 Cəmiyyətin yaranması ilə bağlı insanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilmişdir.

   Məktəbdə müəllim tərəfindən “Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və Qanunlara əməl etməsi elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.

   Elmin inkişafı ilə bağlı olaraq müasir dövrümüzdə mürəkkəb bir varlıq olan  insanı bir sıra elm sahələri öyrənir. Bu elmlər arasında psixologiyanın da öz yeri vardır. Məktəbdən başlayaraq şagirdlərin psxoloji cəhətdən düzgün öyrənilməsi və istiqamətləndirilməsi ən vacib problemlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

   Elm-təhsil ocağı olan məktəb də kiçik bir cəmiyyətdir. Sinif isə müqaisədə ondan bir qədər kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600 şagirdin təhsil aldığı məktəbdə heç  bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları tərtib olunmuşdur. Həmin Qaydalar əsasən I-IV siniflər, V-VIII siniflər və IX-XI siniflər üçün ayrılıqda tərtib olunur. Sual oluna bilər ki, bir məktəbdə 3 növ davranış qaqydasının  müəyyən edilməsi qaydası haradan meydana gəlmişdir?

Məlumdur ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək mümkün deyil. I sinifə yenicə qəbul olunmuş uşaq məktəblə, onun xüsusiyyətləri ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt darıxır, evə getməyə tələsirlər. Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona əməl edirlər.

    V-VIII sinif şagirdləri nisbətən böyük olduqlarından “Davranış qaydaları”nda onların qarşısına qoyulan tələblər də dəyişir.

   IX-XI sinif şagirdləri isə artıq müstəqil həyata hazırlaşdıqlarından, dünya görüşləri genişləndiyindən bu qaydalar  bir qədər də mürəkkəbləşir.

Unutmaq olmaz ki, “Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu qaydaların müddəalarında müəyyən qadağanedici normalar vardır. “Bunu etmək olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki, elə hərəkətlər var ki, yaşından asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.

Hər ailənin də özünəməxsus “davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də “Davranış qaydaları”na əməl etməliyik.

   Təcrübəli pedaqoqların fikrincə, uşaq ailənin güzgüsüdür. Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, “Davranış qaydaları”nı təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur.

Sinif davranış qaydalarını şagirdlər sinif rəhbəri ilə birlikdə tərtib edə bilər. Növbətçilik cədvəli, sinif təşkilatı adlanan bölgü də “Davranış qaydaları”nın bir nümunəsidir.

   Yuxarıda qeyd etdiyimiz kimi, I sinifdən XI sinifə qədər “Davranış qaydaları”nın dəyişməsinin bir səbəbi də getdikcə yetkinləşən məktəblinin müstəqil həyata, cəmiyyətin qanunlarına uyğunlaşması üçün hazırlıq məqsədi daşıyır. Nümunə üçün aşağıdakı müqaisəyə diqqət edək: l-lV siniflər üçün qaydaların 1-ci bəndində yazılır “Səylə oxumalı, müəllimin izahını diqqətlə dinləməli, onun bütün tapşırıqlarını yerinə yetirməlidir”. V- Vlll siniflər üçün qaydaların 1-ci bəndində yazılır “İnadla biliklərə, təhsil bacarığı və vərdişlərinə yiyələnməli, əsas təhsili başa vurmalıdır, mənlik və əxlaqi şüurunu, hüquqi düşüncəsini, milli və mənəvi keyfiyyətlərini inkişaf etdirməlidir”. lX –Xl siniflər üçün qaydaların 1-ci bəndində yazılır: “İnad və yaradıcılıqla elmlərin əsaslarına və özünütəhsil  vərdişlərinə yiyələnməli, aldığı biliyi həyata tətbiq etməlidir”. Bu nümunədən aydın görünür ki, sadədən mürəkkəbə doğru şagirdin qarşısına qoyulan vəzifə də psixoloji hazırlığa uyğun olaraq dəyişdirilir.

   Müstəqil həyatda tələblər dəyişir. Uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə  məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər “Davranış qaydaları”na əməl etməklə  gələcəkdə Qanuna hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olurlar.

   Bir sözlə, şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Əlbəttə, burada müəllim və valideynin birgə səyi unudulmamalıdır. Təsadüfi deyil ki, dahilərdən biri “qanuna əməl et, dinc yaşa”, demişdir.

                                        



Digər yazılar