Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Gələcəyə gedən yol gənclikdən keçir

Gələcəyə gedən yol gənclikdən keçir

  2017-ci ilin fevral ayının 2-də N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində “Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”  şüarı altında gənclər gününə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə çıxış edən məktəbin müəllimi Sahib Abbasov bildirdi ki, 1998-ci ilin avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir.

   Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.  Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi  indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.

   Məktəbin müəllimi Sabir Fətullayev isə öz çıxışında tədbir iştirakçılarının nəzərinə bir daha çatdırdı ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən ilk növbədə Müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

   Tədbirdə iştirak edən Kijəbə qəsəbə folklor evinin bədii rəhbəri Aqil Nəcəfov çıxışı zamanı bildirdi ki, Ümummilli lider Heydər Əliyev  gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib və bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətindən biri kimi dəyərləndirmişdir.  Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması dövlətimiz tərəfindən əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.

   Məktəbin X sinif şagirdi Baxşıyeva Şəhanə Elşən qızı öz çıxışı zamanı bildirdi ki, Ulu öndər Heydər Heydər Əliyevin gənclərlə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən hal-hazırda uğurla həyata keçirilməkdədir.  Bu siyasətin məntiqi nəticəsini  Azərbaycan gənci yaxşı başa düşür. O, bilir ki,  dövlətimiz tarixin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin  qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən, işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işləri hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə  biz gənclərin üzərinə düşür.

   Tədbirin sonunda Gənclər Günü ilə əlaqədar  hazırlanmış  müxtəlif video çarx izlənildi.

 



Digər yazılar