Kİjəbə qəsəbə tam orta məktəbİ

Haqqımızda

 
Astara rayonun Kijəbə qəsəbəsi və onun ərazisində ilk subtropik bitkilər sovxozu 1934/1936-cı illərdə yaradılmışdır. Elə o dördə də sovxozda işləyən fəhlələrin uşaqlarının təhsil alması  üçün  qəsəbənin mərkəzində ibtidai məktəb təşkil olunmuşdur. 1956-1957-ci illərdə natamam yeddiillik məktəb səkkizillik məktəb sisteminə daxil edilmişdir. 1966-cı ildə həmin məktəbin bazasında orta məktəb təşkil olunmuşdur ki, hal-hazırda da fəliyyətini davam etdirir. Məktəb həmişə yaxşı göstəticiləri ilə rayonda seçilmişdir. Burada müxtəlif illərdə öz peşəsini sevən,qabaqcıl təcrübəyə malik müəllimlər işləmişlər. Onlardan bəziləri dünyasını dəyişmiş,bir qismi isə təqaüddədir. Nəsrulla Kərimov, Cahangir Zaidov, Mircavad Hüseynov, Əbdül Abbasov, Məmmədağa Həsənov, Tofiq Bağırov, Firudin Rəsulov, Hacəli Məmmədov, Gülzar Məmmədova, Təbrizə Rəsulova və başqalarının adları bu gün də hörmətlə çəkilməkdədir. Bu şanlı ənənə bu gün də davam etməkdədir. Məktəbimizdə öz təcrübəsi, biliyi, bacarığı ilə fərqlənən, rayon və respublikada tanınan müəllimlər fəaliyyət göstərir.
    Hal-hazırda direktor vəzifəsini  “Tərəqqi” medalına layiq görülmüş həm də  “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan Teymur Fətullayev  yerinə yetirir.   
    2016-2017-ci tədris ilində məktəbdə 568 şagird 26 sinif  komplektində fəaliyyət göstərir. Məktəbdə 61 müəllim, 22 texniki işçi çalışır. Şagirdlər, müəllimlər və texniki işçilər pulsuz tibbi müayinədən keçirilmiş, onların sağlamlığının qorunması və texniki təhlükəsizliyə əməl olunması ilə əlaqədar təlimatlandırılmışlar. Pedaqoji kollektivlə fərdi və kollektiv elektron əmək müqaviləsi  bağlanmışdır.
       Ötən tədris ilində  bir sıra maraqlı tədbirlər, bilik və idman yarışları, fənn olimpiadaları, yaradıcılıq gecələri, disput və müzakirələr, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilmişdir. Milli Dirçəliş günü, Yeni il şənliyi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı , 31mart  Azərbaycanlıların soyqırımı günü, İlyas Əfəndiyevin 100 illik yubileyi, Əli Bəy Hüseynzadənin 150 illik yubileyi, Əlifba bayramı, Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, bu tədbirlərdə şagirdlər böyük həvəslə iştirak etmişlər.    Ümummilli Lider Heydər Əliyevin 89 və 91-ci ildönümünə həsr olunmuş ümumrespublika inşa müsabiqəsində məktəbin XI sinif şagirdi Sabirzadə Samir Azər oğlu və X sinif şagirdi Hacızadə Rafət Mərasim oğlu iştirak edərək III yeri qazanmış, Təhsil Nazirliyinin, TİAHİ və Heydər Əliyev Fondunun fəxri fərmanıları, noutbuk və pul mükafatları ilə təltif  olunmuşlar. Şagirdlərimiz  hərbi idman oyunlarında  da fəal iştirak etmiş və zona yarışlarında II, rayon yarışlarında isə I yeri qazanmış, rayon gənclər və idman idarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.
    Ötən tədris ilində şagirdlərimiz  rayonun  və respublikanın fənn olimpadalarında fəal iştirak etmişdir. Fənn olimpiadalarının  respublika turunda iştirak etmiş Sərdar Babayev uğurlu nəticələr əldə etmişdir. Məktəbimizdə nüfuzu, bacarığı və savadı ilə seçilən müəllimlərimizdən Əməkdar müəllim Azər Kişiyev,  Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur Beytulla Hüseynov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,”Ağsaqqal sözü” qəzetinin Baş redaktorun müavini, “Heydər -85” tədbirlərində Astaradan Bakı şəhərinə, Ulu Öndərin məzarının ziyarəti üçün piyada yürüşün iştirakçısıdır Sabir Fətullayevin adını çəkmək olar. Sevdar Babayev,  Sevda Tağıyeva,  Şərifə  Əliyeva, Heybət  Əsədov, Aypara İbadova və başqaları gənc nəslin təlim-tərbiyəsində qazandıqları uğurlara görə dəfələrlə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunmuşlar. Müəllimlərimizin yaxşı işinin nəticəsidir ki, məktəbimizdə  500–dən çox bal toplayan şagirdlərimiz ildən-ilə artır. 2013-2014-cü tədris ilində məktəbimizin məzunu Fuad Quliyev 681 balla  Prezident təqaüdünə layiq görülmüşdür. Təkcə 2014-2015-ci tədris ilində məzunlarımızdan 20 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında onlardan 7 nəfəri 500- dən yuxarı 2 nəfəri isə 600 - dən yuxarı bal toplamışdır. Mərufov İlham Malik oğlu 685 balla Ali Neft Məktəbinə daxil olmuşdur .
    Məktəbin məzunları arasında yüksək vətənpərvərlik nümunəsi göstərərək, şəhidlik zirvəsinə yüksələnlər:
     Həsənov Nail Babulla oğlu -1994-cü ildə Şişqaya uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
     Abbasov Əbdülsalam Müzəffər oğlu- Baş leytenant, taqım komandiri 1993-cü ildə Ağdamın Güllücə kəndi  uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
     Yusifov  Seyran  Eynəli  oğlu  - 1993-cü ildə N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
      Rzayev Azər  Nizaməli  oğlu – 2001-ci ildə düşmənin diversiya qrupunu zərərsizləşdirərkən şəhid olmuşdur.
      Kijəbə qəsəbə tam orta məktəbi 2008-ci ildə əsaslı təmir olunmuşdur.
2015-2016-ci ilin yekununu da uğurlu hesab etmək olar. Belə ki, 8 məzunumuz ali təhsil müəsisələrinə, 8 məzunumuz da orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşlar. Dövlətimizin elmə, təhsilə qayğı və diqqətini həmişə hiss edən müəllimlər öz əməli işi ilə bu  diqqətə layiqli cavab verməyə çalışırlar. Təsadüfi deyil ki, müəllimlərimizdən  Hüseynov Beytulla Seyfulla oğlu Prezidentimiz İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli  sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Hədəfimiz daha böyük nailiyyətlərə imza atmaqdır.
 
___________________________________________________________________________________