Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

"Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa müsabiqəsi

"Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa müsabiqəsi

Azərbaycan xalqı dünya xalqları arasında zəngin mədəniyyəti, şərəfli tarixi ilə öyündüyü kimi, yetirdiyi qəhrəman övladları ilə də daim fəxr etmiş, qürur duymuşdur. O qəhrəmanlar ki, daim dar ayaqda elinə, obasına dayaq olmuş, həyatını xalqına həsr etmişlər. Mən bu yazımda onlardan biri, lakin onlardan daha fərqli bir qəhrəman haqqında danışacağam.

Səbri, müdrikliyi, əzmkarlığı və millətinə, xalqına sonsuz sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu Öndər Heydər Əliyev haqqında. Mənə elə gəlirdi ki, tanıdığım, mənə doğma, yaxın bir şəxsiyyət haqqında yazmaq o qədər də çətin olmayacaq. Lakin haqqında yazılanları oxuduqca, gördüyü böyük işlərə nəzər yetirdikcə bu şücaəti, bu əzəməti qələmə almağın nə qədər çətin olduğunu anlayıram. Çətinliyi qədər qürurverici olduğunu düşündükcə isə həvəslənirəm. Yaxşı dərk edirəm ki, Ulu Öndərimin həyatı və fəaliyyəti nəhayətsiz bir ümmandır. Ümmanın suyunu qətrə-qətrə boşaltmaq mümkün olmadığı kimi, kiçik bir inşada da Heydər Əliyevin həyat və fəaliyyətini tam əhatə etmək qeyri-mümkündür. Bir sözlə, ürək dolu, qələm isə acizdir.

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir. Ondan öncəki qəhrəmanların, sərkərdələrin heç biri bu titulu daşımamışdır. Çoxmillətli ölkəmizdə məhz xalq tərəfindən bu titul ilk dəfə Heydər Əliyevə verilmişdir. O, lider olduğunu işi, əməli, zəkası,  xalqına sədaqəti ilə həyatı bahasına sübut etmişdir. Azərbaycan adlı bir gəminin mahir kapitanı kimi onu qayalara çırpılıb məhv olmağa qoymadı. Quduz, sərt dalğaların arasından məharətlə çıxarıb, işıqlı, xoş gələcəyə inamla yol aldı. Bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurları, siyasi sabitliyi, elm, təhsil nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan, Heydər Əliyev zəkasına, müdrikliyinə borcludur. Bəzən televiziya ekranlarından dünyanın müxtəlif ölkələrində Ulu Öndərimizə ucaldılan abidələri, adını daşıyan parkları seyr etdikcə fəxarət hissi qəlbimi bürüyür. Onunla eyni bir xalqın, eyni bir Vətənin övladı olmağımla qürur duyuram. Onun azərbaycanlı olması ilə qürur duyduğu kimi!

Heydər Əliyev haqqında dünyanın əksər siyasi liderləri fikirlər söyləmiş, heç biri heyrətini gizlədə bilməmişdir. Hamı onun qətiyyətini, dahiliyini, uzaqgörənliyini etiraf etməyə məcbur olmuşdur. Bu mənada ABŞ-ın sabiq prezidenti Bill Klintonun dediyi sözlər bunun bariz nümunəsidir. “Heydər Əliyev nəinki Azərbaycanı və ABŞ-ı, hətta bütün dünyanı idarə edə biləcək siyasi liderdir”.

Bəli, o bütöv bir şəxsiyyət idi. Sözü ilə əməli bir olan şəxsiyyət. Bütün ömrünü xalqına həsr etdi. İçindəki pak arzuları ilk fürsətdə reallaşdırdı. Dövlət müstəqilliyi, uğurlu neft strategiyası, daxili sabitlik, cəbhədə tökülən qanların kəsilməsi... yazmaqla bitməyən böyük tikinti-quruculuq işləri onun illərlə qəlbində daşıdığı, sonra isə həyata keçirdiyi arzuları idi. Öz xalqını tanıyan, ona inanan Ulu Öndər bugünkü yüksəlişin möhkəm əsasını qoymaqla inanırdı ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”.

Bu gün Heydər Əliyev özü Azərbaycanın üfüqlərində doğan bir günəşdir.

Öz əli ilə çəkdiyi möhtəşəm Azərbaycan adlı əsərinə onun kimi yeni naxışlar, cizgilər əlavə edən prezidentimiz İlham Əliyevin yoluna işıq saçır. Ölkəmizin xoşbəxt gələcəyi üçün bəslədiyi arzularının reallaşdığını gördükcə ruhu sevinir. Çünki yanılmadığını, ölkənin etibarlı əllərdə olduğunu görür.

Rahat uyu, Ulu Öndərim! Sənin yolunu davam etdirən hər bir gənc günü-gündən gözəlləşən, inkişaf edən Vətənimizin rifahı üçün İlham Əliyevin ətrafında birləşərək, müstəqilliyimizin əbədi olmasını təmin edəcəkdir.

 

Ata günəş, oğul aydır,

İlahidən bizə paydır.

Zirvələrdə qoşa qartal,

İlham-Heydər, Heydər-İlham !

 

Vaxtilə Ümummilli liderimizin imzaladığı kontraktları qısqanclıqla qarşılayan bədxahlarımız, bugünkü yüksəlişi gördükcə çox güman ki, utanır, bu uzaqgörənliyin qarşısında aciz qalırlar. Şair demiş:

... Dosta fəxarət gəlir,

Gözü kor olur yadın.

Bəli, bədxahlarımıza ən tutarlı cavab bugünkü Bakımız, yeniləşən Azərbaycanımız, artan iqtisadi-mədəni, hərbi-siyasi qüdrətimizdir. Demək yolumuz düz yoldur. Onu daha da inkişaf etdirmək lazımdır.

Ulu Öndərin adını daşıyan, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq beynəlxalq layihələrə imza atır. Bütün dünyada ölkəmizin nüfuzunu qaldırır.

Bu gün bizi Ulu Öndər yoxluğundan 11 il ayırır. Bu bir cismani yoxluqdur. Onsuz da hamı nə vaxtsa həyatdan gedəcək. Ancaq Heydər Əliyev kimi insanlar əbədi xatırlanacaq, Vətəni, xalqı yaşadıqca o da insanların qəlbində yaşayacaqdır. Necə deyərlər, “Dahilər ölmür, onlar dünyasını dəyişir”.

Bu kiçik yazımda Ulu Öndərə olan məhəbbətimi bəlkə də tam əks etdirə bilmədim. Çünki əvvəldə qeyd etdiyim kimi bəzən qələm bütün hiss və duyğuları ifadə edə bilmir.

Həqiqət isə budur ki, Heydər Əliyev Azərbaycanın səmasında sönməz günəş, bütün gələcək uğurlarımızın qarantı və ilhamvericisidir.

Ulu Öndərim! Azərbaycan var olduqca sən də yaşayacaqsan!

Memarı olduğun Azərbaycanın,

Nə qədər adı var yaşayacaqsan.

İnsana nur verən Ulu Tanrının,

Sönməz günəşitək parlayacaqsan!



Digər yazılar